Çempionlar Liqasında E qrupunda “Barselona” “Nou Kamp”da “Bavariya” ilə üz-üzə gəlib. Gözlənildiyi kimi, oyuna Münhen klubu daha yaxşı başlayıb. Almaniya çempionlarının aramsız həmlələri fasiləyə kimi öz bəhərəsini verib. Tomas Müllerin zərbəsindən sonra Erik Qarsiyaya dəyən top qapıdan keçib. İlk hissə qonaqların minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra Münhen klubu daha 2 qol vurub. Hər iki halda Robert Levandovski fərqlənib. O, 56 və 85-ci dəqiqədə qapını dəqiq nişan alıb. Beləliklə “Bavariya” “Nou kamp”da “Barselona”ya qalib gəlib.
Qrupun digər oyunu Kiyevdə olub. Burda yerli “Dinamo” “Benfika” ilə üz-üzə gəlib. Bu qarşılaşmada hesab açılmayıb. Qeyd edək ki, son saniyələrdə “Dinamo”nun üzvü Nikolay Şaparenko topu qapıdan keçirsə də, bu epizodda ofsayd qeydə alınıb.